Məqalədə Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi inteqrasiyanın mövcud səviyyəsi, institusional əsasları, başlıca məhdudiyyətləri və inkişaf perspektivləri təhlil edilir. Tədqiqatın məqsədi üzv dövlətlər arasında iqtisadi yaxınlaşmanın hansı mərhələdə olduğunu müəyyənləşdirmək, yaradılmış əməkdaşlıq mexanizmlərinin real təsir imkanlarını qiymətləndirmək və inteqrasiyanın dərinləşdirilməsi üçün prioritet istiqamətləri əsaslandırmaqdır. Araşdırma müqayisəli və analitik yanaşmaya əsaslanır. Azərbaycan, türk, ingilis və rus dillərində elmi ədəbiyyat, institusional sənədlər, statistik məlumatlar və beynəlxalq təşkilatların hesabatları sistemləşdirilir. Müəyyən olunur ki, təşkilat daxilində ticarət, nəqliyyat, gömrük, investisiya, rəqəmsal iqtisadiyyat və maliyyə sahələrində institusional sıxlıq artsa da, inteqrasiya hələ azad ticarət zonasından əvvəlki funksional əməkdaşlıq mərhələsindədir. Qarşılıqlı ticarətin nominal artımı müsbət dinamika yaratsa da, onun ümumi xarici ticarətdə məhdud payı üzv iqtisadiyyatlar arasında qarşılıqlı asılılığın və istehsal əlaqələrinin hələ kifayət qədər dərinləşmədiyini göstərir. Üzv ölkələrin iqtisadi ölçüləri və ixrac strukturları arasındakı asimmetriya, fərqli beynəlxalq iqtisadi öhdəliklər, qeyri-tarif maneələri, gömrük prosedurlarının parçalanması, nəqliyyat bağlantılarındakı çatışmazlıqlar və maliyyə infrastrukturunun zəifliyi əsas problemlər kimi müəyyənləşdirilir. Məqalədə göstərilir ki, Orta Dəhlizin inkişafı, rəqəmsal gömrük sistemlərinin uzlaşdırılması, mənşə və uyğunluq qaydalarının qarşılıqlı tanınması, regional dəyər zəncirlərinin yaradılması və ortaq maliyyələşdirmə alətlərinin genişləndirilməsi inteqrasiyanı sürətləndirə bilər. Nəticədə, klassik gömrük ittifaqına dərhal keçiddən deyil, ölçülə bilən öhdəliklərə, diferensial iştirak imkanlarına və mərhələli institusional uyğunlaşmaya əsaslanan çoxsürətli inteqrasiya modelindən istifadə edilməsi məqsədəuyğun hesab olunur.
Açar sözlər: Türk Dövlətləri Təşkilatı, iqtisadi inteqrasiya, regional ticarət, Orta Dəhliz, gömrük əməkdaşlığı, maliyyə inteqrasiyası.