Bu məqalədə postmünaqişə dövründə məcburi köçkünlərin siyasi təhlükəsizliyi və onların yenidənqurma proseslərində iştirak imkanları insan təhlükəsizliyi perspektivindən təhlil olunur. Məqalədə məcburi köçkünlərin siyasi iştirak, seçki hüquqları, təmsilçilik, dövlət institutlarına çıxış, institusional etimad və dövlət legitimliyi üzərində yaratdığı təsirlər araşdırılır. Eyni zamanda, məcburi köçkünlərin postmünaqişə yenidənqurması, qayıdış, reinteqrasiya və sülh quruculuğu proseslərində iştirakının əhəmiyyəti vurğulanır. Akademik tədqiqatlara əsaslanaraq göstərilir ki, məcburi köçkünlərin formal vətəndaşlıq statusunun qorunması onların siyasi hüquqlardan bərabər və effektiv şəkildə istifadə etməsini avtomatik təmin etmir. Məqalədə həmçinin postmünaqişə yenidənqurmasının yalnız fiziki infrastrukturun bərpası ilə məhdudlaşmamalı, eyni zamanda məcburi köçkünlərin siyasi subyektliyinin, təmsilçiliyinin və dövlətlə münasibətlərinin bərpasını da əhatə etməli olduğu əsaslandırılır. Sonda siyasi inklüzivliyin insan təhlükəsizliyi və davamlı sülh üçün mühüm şərtlərdən biri olduğu qənaətinə gəlinir.
Açar sözlər: insan təhlükəsizliyi, məcburi köçkünlər, siyasi təhlükəsizlik, postmünaqişə yenidənqurması, siyasi iştirak, dövlət legitimliyi, sülh quruculuğu