Yaxın tarixdə Cənubi Qafqaz regionundakı geosiyasi vəziyyəti əsaslı şəkildə dəyişdirən və özündən sonra tamamilə yeni siyasi konfiqurasiya formalaşdıran iki mühüm tarixi hadisə vardır. Bunlardan həm xronoloji, həm miqyas baxımından birincisi Sovet Sosialist Respublikaları İttifaqının (bundan sonra SSRİ) dağılması, ikincisi isə qısa müddətdə, yəni 44 gün ərzində davam etməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsidir. Birinci Qarabağ müharibəsi SSRİ-nin dağılması ərəfəsində başladığından onun da nəticələrini SSRİ-nin süqutu ilə əlaqələndirmək mümkündür. Hətta 2008-ci il Rusiya-Gürcüstan müharibəsi belə Cənubi Qafqaz regionunu qeyd olunan iki mühüm tarixi hadisə qədər dəyişdirə bilməmişdi. SSRİ-nin dağılması uzunmüddətli status-kvo vəziyyəti yaratsa da, təhlükəsizlik və sülh aspektləri kifayət qədər zəif idi. İkinci Qarabağ müharibəsindən sonra isə regionda hər kəs üçün arzuolunan uzunmüddətli təhlükəsizlik mühitin formalaşdırılması və təminatının müəyyənləşdirilməsi imkanı vardır.
Məqalədə, Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunması imkanlarına İkinci Qarabağ müharibəsinin nəticələrindən biri kimi yanaşılmış və bu xüsusda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sülh quruculuğu prosesi təhlil edilmişdir. Araşdırmanın nəzəri əsasında Con Paul Lederakın “Münaqişə Transformasiyası” nəzəriyyəsinə istinadlar edilmiş və hələ də davam etməkdə olan siyasi proseslərə bu yanaşma çərçivəsində qiymət verilmişdir.
Açar sözlər: Qarabağ, müharibə, sülh, təhlükəsizlik, münaqişə, Cənubi Qafqaz