Məqalə sosioloji metodun universal olduğu iddiasını postsovet yarı-periferiyası əsasında epistemoloji cəhətdən sorğulayır. Tədqiqatın məqsədi Azərbaycan sahə tədqiqatında qarşılaşılan struktural problemləri texniki çatışmazlıqdan daha çox, metodun gizli epistemoloji problemləri kimi yenidən çərçivələməkdir.
Məqalə Vallerştyenin dünya-sistemlər nəzəriyyəsindən götürülmüş “periferiya” anlayışını epistemik mövqe kimi işlədir, Konnelin “Cənub nəzəriyyəsi”, Santosun “epistemologiyanın korluğu” və Burdyenin “simvolik zorakılıq” konseptlərindən istinad nöqtəsi kimi istifadə edir.
Göstərilir ki, periferiya akademiyasında metodoloji kompetentlik Qərb standartına yaxınlaşmaqla ölçülür, metodun yerli şəraitə uyğunluğu isə sual kimi belə formalaşmır. Postsovet tarixi yaddaşın, xüsusilə “sual verən adamın” sovet dövrünün dövlət fiquruyla assosiasiyasının respondentin davranışında yaratdığı deformasiya, məhəllə kültürünün sahə tədqiqatı üçün yaratdığı struktural maneələr və filistinizmin tədqiqata iştirakı mənasızlaşdıran dünyagörüşü kimi əhəmiyyəti ayrıca təhlil edilir.
Məqalə nəticədə iki təklif irəli sürür: sahə “uğursuzluqlarının” analitik məlumat kimi sənədləşdirilməsi və tədqiqatçının öz tarixi-struktural mövqeyini metodoloji şəffaflığın bir hissəsi kimi etiraf etməsi.
Postsovet dövrünün Cənubi Qafqazı hazırkı qlobal epistemoloji debatda görünməz qalmışdır; bu məqalə həmin boşluğu qismən doldurmaq cəhdidir.
Açar sözlər: sosioloji metodun epistemologiyası, periferiya akademiyası, postsovetdə sahə tədqiqatı, simvolik zorakılıq, epistemik mövqe.