Müasir dünya siyasətində qeyri-dövlət aktorlarının rolunun artması ölkələrin milli təhlükəsizlik sistemləri üçün ciddi və hibrid xarakterli təhdidlərin yaranmasına səbəb olur. Xüsusilə terror təşkilatları, mütəşəkkil cinayətkar qruplaşmalar və qeyri-qanuni silahlı birləşmələr dövlətlərin daxili siyasi sabitliyinə və iqtisadi dayanıqlığına mənfi təsir göstərir, hibrid müharibə spektrini genişləndirir, Yaxın və Orta Şərq regionunda milli təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir.
2001-ci ildən etibarən terror təşkilatlarının siyasi və hərbi fəaliyyətinin əhəmiyyətli dərəcədə aktivləşməsi region ölkələrinin daxili sabitliyini və ictimai təhlükəsizliyini zəiflətmişdir. Bu qeyri-dövlət aktorlarının dağıdıcı fəaliyyəti qonşu dövlətlərin sərhəd təhlükəsizliyinə risklər yaratmaqla, təkcə lokal iqtisadi sistemlərə deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik arxitekturasına ciddi təhdidlər formalaşdırır. “Ərəb baharı” prosesi zamanı bəzi qeyri-dövlət aktorlarının (xüsusilə İraq İslam Dövləti — İŞİD) neft və qazla zəngin ərazilər üzərində nəzarəti ələ keçirməsi qlobal və regional siyasi-iqtisadi proseslərə də mühüm təsir göstərmişdir. Təqdim olunan məqalədə neft və qaz qiymətlərindəki qeyri-sabitlik, həmçinin makroiqtisadi göstəricilərə birbaşa təsir edən inflyasiya kimi amillər konseptual şəkildə araşdırılmışdır.
Bununla yanaşı, sözügedən silahlı qeyri-dövlət aktorlarının fəaliyyətində vergidən yayınma halları, bunun fundamental səbəbləri, doğurduğu fəsadlar və gömrük nəzarətindən kənar qaçaqmalçılıq məsələləri tədqiqatın mühüm istiqamətlərini təşkil edir. Məqalədə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi və bu fəaliyyətdən əldə edilən gəlirlərin leqallaşdırılması, insan alveri, fidyə tələbi ilə adam oğurluğu kimi transmilli cinayətlərdə iştirak edən subyektlərin strateji hədəflərinə toxunulur. İqtisadi müstəvi ilə yanaşı, bu növ cinayətkar fəaliyyətlərin həm fərdlər, həm də dövlətlər üçün yaratdığı “təhlükəsizlik dilemması” və onun regionun ümumi sabitlik potensialına təsir mexanizmləri təhlil edilir.
Açar sözlər: qeyri-dövlət aktorları, milli təhlükəsizlik, vergidən yayınma, iqtisadi təhlükəsizlik, insan alveri və kiber-cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi