Məqalədə Türkiyə-Rusiya münasibətlərində Qara dəniz faktorunun formalaşdırdığı rəqabət və əməkdaşlıq dinamikaları, eləcə də hər iki dövlətin regiona dair geostrateji yanaşmaları müqayisəli təhlil olunur. Türkiyənin Qara dəniz siyasəti “Strateji Dərinlik” və “Mavi Vətən” konsepsiyaları çərçivəsində formalaşaraq boğazlara nəzarətin qorunması, regional sabitliyin təmin edilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və çoxtərəfli təhlükəsizlik mexanizmlərinin dəstəklənməsi istiqamətlərində cəmlənir. Ankara Montrö Konvensiyasını regional balansın və müstəqil diplomatiyanın əsas dayağı kimi görür.
Rusiya isə Qara dənizi özünün tarixi təsir dairəsi və Qərblə geosiyasi qarşıdurmanın mühüm məkanı kimi nəzərdən keçirir. Krımın 2014-cü ildə ilhaqından sonra Moskva regionda hərbi-siyasi mövqelərini A2/AD (anti-access/area denial) imkanlarının genişləndirilməsi, Qara dəniz Donanmasının modernləşdirilməsi və hibrid müharibə alətlərindən istifadə vasitəsilə gücləndirmişdir.
Ukraynada müharibənin davam etdiyi şəraitdə tərəflərin strateji rəqib statusunu qorumasına baxmayaraq, qarşılıqlı asılılıq, sektoral əməkdaşlıq imkanları və praqmatik balanslaşdırma yanaşmaları iki ölkə arasındakı münasibətlərin nisbətən dayanıqlı qalmasına şərait yaradır.