Məqalədə XVI-XVII əsrlərdə Səfəvi-Osmanlı müharibələrinin Çuxursəd bəylərbəyliyində dövlət idarəçiliyi, məskunlaşma və əhali hərəkətləri üzərində yaratdığı demoqrafik nəticələr araşdırılır. Tədqiqatın əsas diqqəti İrəvan vilayəti və Naxçıvan bölgəsinin siyasi-hərbi qarşıdurmalar fonunda necə dəyişdiyini göstərməyə yönəlmişdir. Mənbələrin müqayisəli təhlili göstərir ki, Amasiya sülhündən sonra nisbi sabitlik yaransa da, XVI əsrin sonlarından başlayan yeni müharibələr bölgədə kütləvi köçlərə, əsir aparılmalara, yaşayış məntəqələrinin boşalmasına və etnik-dini nisbətin dəyişməsinə səbəb olmuşdur. 1590-cı il İrəvan vilayətinin müfəssəl dəftəri, İsgəndər bəy Münşinin məlumatları, eləcə də Evliya Çələbi, Jan Batist Tavernye və Jan Şardən kimi səyyahların qeydləri Çuxursədin eyni vaxtda həm strateji mübarizə meydanı, həm də dərin sosial-demoqrafik böhran zonası olduğunu üzə çıxarır. Məqalədə Şah Abbasın “yandırılmış torpaq” siyasəti, Naxçıvan və Culfa əhalisinin köçürülməsi, Osmanlı yürüşlərinin şəhər və kənd həyatına təsiri ayrıca təhlil edilir. Nəticə etibarilə, Çuxursəd bəylərbəyliyində demoqrafik proseslərin yalnız təbii əhali artımı və ya yerli sosial münasibətlərlə deyil, imperiyalararası sərhəd müharibələri, dini-siyasi qarşıdurmalar və məcburi köçürmə siyasətləri ilə sıx bağlı olduğu əsaslandırılır.
Açar sözlər: Səfəvi-Osmanlı müharibələri, Çuxursəd bəylərbəyliyi, İrəvan vilayəti, Naxçıvan, demoqrafik proseslər, məcburi köçürmə, yandırılmış torpaq siyasəti.