Realizm nəzəriyyəsinin əsas anlayışlarından olan təhlükəsizlik dilemması bir dövlətin öz təhlükəsizliyini gücləndirmək üçün atdığı addımların digər dövlət(lər) tərəfindən təhdid kimi qəbul edilməsi və cavab tədbirləri görməsi nəticəsində yaranan vəziyyəti nəzərdə tutur. Başqa sözlə öz müdafiəsini gücləndirmək istəyən dövlətlər özlərini daha az təhlükəsiz (və ya daha təhlükəli) şəraitə məhkum edirlər. Bu situasiya İsrail və İran arasında İslam inqilabından bəri mövcud olmasına baxmayaraq son illərə qədər açıq münaqişə səviyyəsinə qalxmamışdı. 2025-ci ilin iyunundakı 12 günlük müharibə klassik təhlükəsizlik dilemmasının yeni müharibə strategiya və taktikaları vasitəsilə necə dəyişdiyini və hansı nəticələrə yol açdığını nümayiş etdirdi. Bu məqalə İsrail-İran münasibətləri nümunəsində dövlətlərin təhlükəsizlik qavrayışlarının onların davranışlarını necə formalaşdırdığını və hansı praktik siyasi nəticələr doğurduğunu araşdırır. Məqalədə İsrailin preventiv müharibə və İranın asimmetrik müharibə doktrinaları nəzərdən keçirilir, bu hərbi strategiyaların klassik təhlükəsizlik dilemmasını necə dəyişdirdiyi təhlil olunur.
Açar sözlər: təhlükəsizlik dilemması, təhdid qavrayışı, preventiv zərbə, asimmetrik müharibə, Yaxın və Orta Şərq