Məqalədə müasir beynəlxalq münasibətlər sistemində diplomatiyanın yeni forması kimi təşəkkül tapmış ekoloji diplomatiya fenomeni kompleks şəkildə təhlil olunur və bu konseptin Azərbaycan elmi ictimaiyyətinə sistemli təqdimatı məqsədi güdülür. Tədqiqatın birinci hissəsində ekoloji diplomatiyanın konseptual əsasları araşdırılır: anlayışın mənşəyi və elmi dövriyyəyə daxil olması, formalaşmasının tarixi mərhələləri (Stokholm konfransından Paris Sazişinə qədər), ənənəvi diplomatiyadan fərqləndirici xüsusiyyətləri, o cümlədən diplomatik danışıqların obyektinin dövlət maraqları deyil, iqlim sabitliyi və biomüxtəliflik kimi bölünməz ümumi resurslar olması, aktorların çoxluğu, elmi biliyə struktur asılılığı, çoxtərəfli danışıq formatı və gələcək nəsillərin maraqlarına yönəlmiş zaman üfüqü sistemləşdirilir. Ekoloji diplomatiyanın xarici siyasətdə yeni alət kimi rolu “yumşaq güc”, dövlət imici və kiçik dövlətlərin niş diplomatiyası kontekstində dəyərləndirilir. Məqalənin ikinci hissəsi bu diplomatiya formasının praktiki reallaşmasını təmin edən beynəlxalq institusional mexanizmlərə həsr olunur. Burada BMT-nin Ətraf Mühit Proqramı və İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası ilə onun Tərəflər Konfransı sisteminin necə işlədiyi, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun elmi biliklə siyasi qərar arasında vasitəçi mövqeyi, Avropa İttifaqının iqlim diplomatiyasının normativ təsir modeli, habelə ozon rejimi və regional sazişlərin tənzimləyici funksiyası ayrı-ayrılıqda nəzərdən keçirilir. Bakıda keçirilmiş COP29 konfransının nəticələri ev sahibi diplomatiyası nümunəsi kimi ayrıca nəzərdən keçirilir. Aparılan təhlil göstərir ki, ekoloji diplomatiya epizodik fəaliyyət sahəsindən beynəlxalq münasibətlərin institusionallaşmış, çoxsəviyyəli və davamlı alt-sisteminə çevrilmişdir, onun səmərəliliyi isə fraqmentasiya, maliyyə çatışmazlığı və icra mexanizmlərinin zəifliyi kimi struktur problemlərin həllindən asılıdır.
Açar sözlər: ekoloji diplomatiya, iqlim dəyişmələri, beynəlxalq əməkdaşlıq, qlobal ekoloji idarəetmə, davamlı inkişaf.