Müasir dövrdə davamlı və inklüziv şəhər inkişafı sosial siyasətin əsas prioritet istiqamətlərindən biri kimi çıxış edir. Sürətli urbanizasiya prosesi şəhərlərdə sosial bərabərsizliklərin artmasına, ictimai xidmətlərə çıxışın qeyri-bərabərliyinə və ekoloji problemlərin dərinləşməsinə səbəb olmuşdur. Bu şəraitdə könüllülük fəaliyyəti sosial siyasətin həyata keçirilməsində mühüm mexanizmlərdən biri kimi ön plana çıxır və cəmiyyətin müxtəlif təbəqələrinin ictimai proseslərə cəlb olunmasına şərait yaradır. Məqalədə könüllülük fəaliyyətinin davamlı və inklüziv şəhər inkişafına təsiri kompleks şəkildə təhlil edilmişdir. Xüsusilə könüllülüyün sosial inklüzivliyin gücləndirilməsində, həssas sosial qrupların dəstəklənməsində və sosial xidmətlərin əlçatanlığının artırılmasında rolu araşdırılmışdır. Bununla yanaşı, könüllülük fəaliyyətinin icma əsaslı inkişafın təşviqində, ictimai iştirakçılığın genişlənməsində və sosial kapitalın formalaşmasında əhəmiyyəti müəyyən edilmişdir. Eyni zamanda könüllülərin ekoloji təşəbbüslərdə iştirakı “yaşıl şəhər” konsepsiyasının inkişafına və ətraf mühitin qorunmasına mühüm töhfə verir. Tədqiqat çərçivəsində könüllülük fəaliyyətinin sosial siyasətin idarəetmə mexanizmlərinə inteqrasiyası məsələsi də geniş şəkildə təhlil edilmişdir. Müəyyən olunmuşdur ki, könüllülüyün hüquqi və institusional əsaslarının formalaşdırılması, dövlət–QHT–vətəndaş əməkdaşlığının gücləndirilməsi və yerli idarəetmə səviyyəsində tətbiqi sosial siyasətin effektivliyini artırır. Nəticə etibarilə, könüllülük fəaliyyəti davamlı və inklüziv şəhər inkişafının təmin edilməsində strateji əhəmiyyətə malik sosial resurs kimi çıxış edir və onun sistemli şəkildə təşviqi müasir şəhər siyasətinin vacib komponentlərindən biri hesab olunmalıdır.
Açar sözlər: davamlı inkişaf, inklüziv şəhər, könüllülük fəaliyyəti, sosial siyasət, sosial kapital.