İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

DAVAMLI ŞƏHƏRSALMA SİYASƏTİNDƏ MİQRASİYA PROSESLƏRİNİN ROLU

Müasir dövrdə davamlı şəhərsalma siyasəti inkişafın əsas istiqamətlərindən biri kimi formalaşmışdır və bu siyasətin həyata keçirilməsində daxili miqrasiya prosesləri mühüm rol oynayır. Şəhərlərə əhali axınının artması urbanizasiya proseslərini sürətləndirərək şəhər mühitində sosial, iqtisadi və ekoloji dəyişikliklərə səbəb olur. Bu baxımdan daxili miqrasiya şəhərsalma siyasətinin formalaşdırılmasında nəzərə alınmalı əsas amillərdən biri kimi çıxış edir. Məqalədə daxili miqrasiyanın nəzəri əsasları, onun yaranma səbəbləri və əsas xüsusiyyətləri təhlil edilmişdir. Xüsusilə kənd–şəhər miqrasiyasının urbanizasiya proseslərinə təsiri, əhali paylanmasının dəyişməsi və demoqrafik strukturun yenidən formalaşması məsələləri araşdırılmışdır. Eyni zamanda daxili miqrasiyanın şəhərsalma siyasətinə təsiri kompleks şəkildə qiymətləndirilmiş, şəhər əhalisinin artımı, mənzil təminatı, nəqliyyat sistemi və sosial infrastruktur üzərində yaratdığı təsirlər müəyyən edilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, daxili miqrasiya şəhərlərdə iqtisadi aktivliyin artmasına və əmək bazarının genişlənməsinə müsbət təsir göstərməklə yanaşı, sosial bərabərsizliklərin dərinləşməsi, infrastruktur yüklənməsi və ekoloji problemlərin artması kimi çağırışlar da yaradır. Bu baxımdan daxili miqrasiyanın düzgün idarə olunması davamlı şəhərsalma siyasətinin əsas tələblərindən biri kimi çıxış edir. Məqalədə həmçinin daxili miqrasiyanın idarə olunması istiqamətləri – regional inkişafın balanslaşdırılması, şəhər infrastrukturunun planlaşdırılması və “ağıllı şəhər” yanaşmalarının tətbiqi təhlil edilmişdir. Nəticə etibarilə qeyd olunur ki, daxili miqrasiya proseslərinin effektiv idarə olunması şəhərlərin davamlı və inklüziv inkişafının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.

Açar sözlər: daxili miqrasiya, davamlı şəhərsalma, urbanizasiya, şəhər infrastrukturu, regional inkişaf.

QISA İCMAL

  • Yazarlar NURİDƏ ƏLİ QIZI MUSTAFAYEVA, ƏYYUB ÜZEYİR OĞLU HÜSEYNOV
  • Fayl PDF
  • issue