Məqalədə XIX əsr Azərbaycan maarifçilik hərəkatının görkəmli nümayəndəsi Mirzə Fətəli Axundzadənin əlifba islahatı ilə bağlı fəaliyyəti və bu istiqamətdə irəli sürdüyü ideyalar araşdırılır. Tədqiqatda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan M.F.Axundzadənin 2 nömrəli şəxsi arxiv fondunda saxlanılan əlifba layihələri, qrammatika qaydaları, bu mövzuda yazışmaları ehtiva edən məktublar və digər sənədlər əsas mənbə kimi təhlilə cəlb edilmişdir. Araşdırmada M.F.Axundzadənin ərəb qrafikasının Azərbaycan dilinin fonetik xüsusiyyətlərinə uyğunlaşdırılması, yazı sisteminin sadələşdirilməsi və savadlanmanın asanlaşdırılması istiqamətində irəli sürdüyü prinsiplər nəzərdən keçirilir. Məqalədə həmçinin bu əlifba islahatı təşəbbüslərinin 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayda müzakirə olunan əlifba məsələləri və XX əsrdə Azərbaycanda baş vermiş əlifba dəyişiklikləri ilə əlaqəsi müəyyənləşdirilir. Tədqiqatın nəticələri göstərir ki, M.F.Axundzadənin əlifba islahatı ideyaları yalnız dövrün yazı problemlərinin həllinə yönəlmiş təşəbbüs deyil, həm də maarifçilik, savadlanma və mədəni modernləşmə konsepsiyasının mühüm tərkib hissəsi olmuşdur. Onun şəxsi arxivində qorunan sənədlər isə bu ideyaların formalaşma və inkişaf mərhələlərinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.
Açar sözlər: Mirzə Fətəli Axundzadə, şəxsi arxiv, əlifba islahatı, ərəb əlifbası, latın qrafikası, yeni əlifba