Bu məqalədə hələ ki Azərbaycan elm ictimaiyyəti üçün yeni bir sfera olan və dərin, fundamental araşdırmalara ehtiyac duyan bir sahə – dövlətlərin, müxtəlif dövlət qurumlarının, hüquqi şəxslərin öz məqsədlərinə nail olmaq üçün istifadə etdiyi sistemli və uzunmüddətə hesablanmış kommunikativ yanaşmalarının məcmusu olan “Strateji kommunikasiyalar” anlayışı etibarlı və nüfuzlu mənbələrə istinad edilərək araşdırılmağa çalışılmışdır. Bu məqalədə “strateji kommunikasiya”ya akademik yönümlü yanaşma üçün zəmin yaratmağa səy göstərilir. Strateji kommunikasiya termini uzun illər akademik ədəbiyyatda istifadə olunsa da, alimlər yalnız indi vahid biliklər toplusu baxımından bunu ardıcıl şəkildə araşdırmaq prosesindədirlər. Bu anlayışın əsas məzmunu informasiyanın effektiv şəkildə hədəf auditoriyalarına çatdırılması, ictimai rəyə təsir edilməklə mövcud qurumların imicinin gücləndirilməsi və ya əks prosesin həyata keçirilməsidir. Bu prosesdə müxtəlif vasitələr – ənənəvi media, sosial media, marketinq kampaniyaları və ictimaiyyətlə əlaqələr texnikalarından istifadə olunmaqla çoxsaylı hədəflər reallaşdırılır. Xüsusilə böhran zamanlarında kritik əhəmiyyət daşıyan bu vasitələr sayəsində müxtəlif qurumlar neqativ təsirlərə məruzqalmanı minimuma endirə, onlara olan ictimai inamı qoruyub saxlaya və nəticədə uzunmüddətli reputasiya qazana bilərlər.
Açar sözlər: Kommunikasiya, strategiya, strateji kommunikasiya