XÜLASƏ
Məqalədə Azərbaycan Respublikasının enerji siyasəti siyasi-iqtisadi yanaşma əsasında təhlil edilir. Enerji sektorunun ölkənin iqtisadi inkişafında, dövlət büdcəsinin formalaşmasında, investisiya siyasətində, milli təhlükəsizliyin təmin olunmasında və beynəlxalq mövqeyinin möhkəmləndirilməsində rolu araşdırılır. Tədqiqat göstərir ki, Azərbaycanın enerji siyasəti müstəqillik dövründən etibarən zəngin neft və qaz ehtiyatlarının səmərəli istifadəsi, xarici investisiyaların cəlb edilməsi və ixrac marşrutlarının diversifikasiyası üzərində formalaşmışdır. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri və Cənub Qaz Dəhlizi Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərini təşkil etmişdir. Bu layihələr ölkənin Avropa enerji bazarlarında mövqeyinin güclənməsinə və regional geosiyasi əhəmiyyətinin artmasına şərait yaratmışdır.
Məqalədə, həmçinin, qlobal enerji keçidi şəraitində Azərbaycanın enerji siyasətində baş verən dəyişikliklər nəzərdən keçirilir. Bərpa olunan enerji mənbələrinin inkişafı, Xəzərin külək potensialından istifadə, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi dövlət siyasətinin yeni istiqamətləri kimi qiymətləndirilir. Bununla yanaşı, tədqiqat Azərbaycanın enerji sektorunda karbohidrogen gəlirlərindən asılılığın hələ də yüksək olduğunu və rentier dövlət modelinin müəyyən xüsusiyyətlərinin qorunduğunu göstərir. Azərbaycanın müasir mərhələdə “dual enerji strategiyası” həyata keçirdiyi, bir tərəfdən qaz ixracını genişləndirdiyi, digər tərəfdən isə daxili enerji istehlakında bərpa olunan mənbələrin payını artırmağa çalışdığı vurğulanır. Nəticə etibarilə, Azərbaycanın enerji siyasətinin gələcək uğuru iqtisadi və fiskal diversifikasiyanın dərinləşdirilməsindən, enerji təhlükəsizliyinin möhkəmləndirilməsindən və yaşıl transformasiyanın institusional əsaslarının gücləndirilməsindən asılıdır.
Açar sözlər: Azərbaycan, enerji siyasəti, enerji təhlükəsizliyi, siyasi-iqtisadi aspektlər, enerji ixracı, bərpa olunan enerji, rentier dövlət.