Tədqiqatda postsovet məkanında suverenlik anlayışının transformasiyası və Azərbaycan Respublikasının bu kontekstdə formalaşmış təcrübəsi təhlil olunur. Araşdırmamız göstərir ki, 1991-ci ildən sonra yaranan yeni dövlətlər formal müstəqillik əldə etsələr də, onların faktiki suverenliyi xarici təsirlər, iqtisadi asılılıq və separatçılıq kimi amillərlə məhdudlaşmışdır. Bu şəraitdə Azərbaycan modeli öz ardıcıllığı, praqmatik diplomatiyası və güclü siyasi iradəsi ilə seçilir. 2020-ci ildə baş verən 44 günlük müharibə və 2023-cü ildə keçirilən lokal antiterror əməliyyatları nəticəsində ölkə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, beynəlxalq hüquq çərçivəsində yeni reallıq formalaşdırmışdır. Azərbaycanın təcrübəsi beynəlxalq vasitəçiliyə kor-koranə etimadın deyil, milli resurslara əsaslanan qərarvermənin uğurlu nümunəsidir. 8 avqust 2025-ci ildə ABŞ Prezidentinin vasitəçiliyi ilə Ermənistanla sülh sazişinin paraflanması regionda suverenlik anlayışına yeni prizmadan baxışı təmin etmişdir. Nəticə olaraq, Azərbaycan postsovet məkanında suverenliyini həm de-yure, həm də de-fakto bərpa edən ilk dövlət olaraq müasir beynəlxalq münasibətlərdə yeni model formalaşdırmışdır.