Məqalədə radikalizm və zorakı ekstremizmlə mübarizədə İslamın normativ potensialı dini maarifləndirmə, gənclər siyasəti və ideoloji immunitetin formalaşdırılması kontekstində təhlil edilir. Göstərilir ki, radikal qruplar dini anlayışları tarixi, hüquqi və etik kontekstdən ayıraraq zorakılığın legitimləşdirilməsi və sosial parçalanmanın dərinləşdirilməsi üçün istifadə edirlər. Cihad, təkfir, şəhadət, ümmə və fiqh anlayışlarının klassik normativ məzmunu ilə radikal interpretasiyalar arasındakı fərqlər açıqlanır. Məqalə dini maarifləndirmə, tənqidi düşüncə, rəqəmsal savadlılıq, sosial inteqrasiya, hüquqi legitimlik və institusional əməkdaşlığın vahid preventiv sistem kimi əhəmiyyətini əsaslandırır. Azərbaycan Respublikasının dünyəvi dövlətçilik, dini tolerantlıq və multikulturalizm təcrübəsi bu yanaşmanın tətbiqi modeli kimi qiymətləndirilir.