Rusiya imperiyası Qarabağ xanlığını özünə birləşdirdikdən sonra atdığı ilk addımlardan biri rus əhalisini regiona köçürmək oldu. Özünə etnik dayaq yaratmağa çalışan rus hakimiyyəti nümayəndələri yerli inzibati idarəçiliyə rus məmurlarını təyin etmək, regionda rus hərbi birlikləri yerləşdirməklə yanaşı, XIX əsrin 30-cu illərindən etibarən təriqətçi və bidətçi rus ailələrini köçürməyə başladılar. Cənubi Qafqazda ilk rus məskənlərindən biri xanlığın cənub bölgəsi olan Cəbrayıl mahalında (qəzasında) Qarabulaq kəndində yaradıldı. Rusların köçürülməsi yerli azərbaycanlı əhalinin gündəlik həyatına, etno-demoqrafik proseslərə güclü təsir göstərdi. Təqdim edilən məqalədə Cəbrayıl (Karyagin) qəzasına rus əhalisinin köçürülməsi, sonrakı onilliklərdə onların sayında baş vermiş dəyişikliklər araşdırılmış, onun doğurduğu nəticələr təhlil edilmişdir.