Məqalədə İrəvan vilayətinin tarixinə dair etnik-dini məsələlərin Azərbaycan tarixşünaslığında öyrənilməsi araşdırılır. Tədqiqatda İrəvan bölgəsinin Səfəvi dövründə Çuxursəəd bəylərbəyliyi, XVIII əsrdə İrəvan xanlığı, XIX əsrdə isə Rusiya imperiyasının inzibati vahidi kimi tarixi inkişaf yolu nəzərdən keçirilir. Əsas diqqət bölgənin etnik tərkibi, dini institutları, şəhər mühiti, məscidlər, karvansaralar, vəqf sistemi və əhali strukturunda baş verən dəyişikliklərə yönəldilir. Məqalədə göstərilir ki, Azərbaycan tarixşünaslığında İrəvan mövzusu sovet dövründə məhdud şəkildə işlənmiş, müstəqillik dövründən etibarən isə daha sistemli və mənbəşünaslıq əsaslı tədqiqat istiqamətinə çevrilmişdir. Osmanlı dəftərləri, Rusiya kameral təsvirləri, Qafqaz təqvimləri və müasir Azərbaycan tarixçilərinin araşdırmaları əsasında bölgədə türk-müsəlman əhalinin uzun müddət mühüm mövqeyə malik olduğu vurğulanır. Rusiya işğalından sonra ermənilərin bölgəyə köçürülməsi nəticəsində İrəvan vilayətinin etnik-dini tərkibində ciddi dəyişikliklərin baş verdiyi qeyd edilir. Nəticədə İrəvan tarixi Azərbaycan tarixşünaslığında Qərbi Azərbaycan irsinin öyrənilməsi baxımından mühüm problem kimi qiymətləndirilir.