Məqalə iyirminci yüzilliyin dahi şəxsiyyətlərindən hesab olunan, Şərq və Qərb dəyərlərini yaxınlaşdırmağa çalışan Rabindranat Taqorun fəlsəfi ideyalarının tədqiqinə həsr edilmişdir. Eyni zamanda məqalədə mütəfəkkirin estetikaya dair fikirləri təhlil olunmuşdur. Fəlsəfi baxışlarında panteizmə meyl edən Taqor Tanrı və təbiət, Tanrı və insan vəhdətindən bəhs edir. Fəlsəfəsinin əsasını təşkil edən estetik görüşləri özünün rəsm əsərlərində, musiqi dünyasında əksini tapmışdır. O, sənəti, incəsənəti mənəvi inkişafın mühüm vasitəsi kimi dəyərləndirirdi. Taqora görə, estetik zövq insanın mənəvi inkişafının, daxili aləminin əsas meyarıdır. Gözəllik əqlin, təfəkkürün, eyni zamanda ruhun məhsuludur. Gözəllik Tanrının təcəllisi olduğundan birbaşa insanın harmonik tərbiyəsinə təsir edir. Sevgiyə böyük önəm verən mütəfəkkir qeyd edir ki, sevgi gözəlliyi yaradaraq, insanın birbaşa iç dünyasına təsir edir və o, dünyaya sevinc hissi ilə bağlanır. Gözəllik insanın mənfi emosiyalarını, bədxah əməllərini cilovlayan ali hissdir. Bu hissdən sağınmaq olmaz. Məhz buna görə məqalədə nəzər-diqqətimiz estetikanın əsasını təşkil edən gözəllik hissinə yönəlmişdir.