Məqalədə 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının imzaladığı iki strateji sənəd – Türkiyə Respublikası ilə 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsi və Rusiya Federasiyası ilə 22 fevral 2022-ci il tarixli Moskva Bəyannaməsi müqayisəli şəkildə təhlil edilir. Bəyannamələrin hüquqi forması, siyasi-hərbi öhdəliklərin dərinliyi, iqtisadi-nəqliyyat və humanitar istiqamətləri araşdırılır. Xüsusilə qarşılıqlı hərbi yardım müddəalarının fərqli xarakteri diqqət mərkəzinə çəkilir. Həmçinin məqalədə hər iki sənədin bəyannamə formasında olması, bəyannamə ilə beynəlxalq müqavilə arasındakı hüquqi fərq və bu formaya üstünlük verilməsinin səbəbləri araşdırılır. Məqalədə belə nəticəyə gəlinir ki, fərqli hərbi-siyasi bloklara mənsub iki dövlətlə eyni zamanda müttəfiqlik sənədlərinin imzalanması Azərbaycan üçün ziddiyyət deyil, məhz onun çoxvektorlu və balanslaşdırılmış xarici siyasətinin məntiqi ifadəsidir.