Azərbaycanın son illərdə keçdiyi siyasi və geosiyasi transformasiya ərazi bütövlüyünün tam bərpası ilə yeni strateji mərhələyə daxil olmuşdur. 44 günlük Vətən müharibəsində qazanılan qələbə və 2023-cü il antiterror tədbirləri ölkənin suverenliyini tam şəkildə təmin etməklə regional güc balansını köklü şəkildə dəyişdirmişdir. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri Azərbaycanın institusional dayanıqlılığını gücləndirərək, Cənubi Qafqazda sosial-iqtisadi sistemin yeni modelini formalaşdırmışdır. Eyni zamanda, Azərbaycanın çoxvektorlu xarici siyasəti və Zəngəzur dəhlizi də daxil olmaqla transregional nəqliyyat və enerji təşəbbüsləri ölkənin qlobal iqtisadi və diplomatik təsirini artırmışdır. Azərbaycanın qlobal siyasi platformalarda aktiv iştirakı onu regional liderdən qlobal aktora çevirən əsas amillərdən biridir. Tədqiqat göstərir ki, ölkənin orta güc statusuna keçidi həm regional sabitliyi təmin edir, həm də qlobal təhlükəsizlik və əməkdaşlıq gündəliyinə real töhfə verir.
Açar sözlər: Azərbaycan Respublikası, geosiyasi reallıqlar, ərazi bütövlüyü, regional liderlik, qlobal aktor.