İMPERATİV elmi - nəzəri jurnal
DOI: 10.30546/19063
P-ISSN: 3107-2070
E-ISSN: 3107-2089
Bizi sosial mediadan izləyin

AZƏRBAYCANDA BÖYÜK BRİTANİYA MİSSİYASI (AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN MÜQƏDDƏRATINDA BÖYÜK BRİTANİYA AMİLİ)

Azərbaycan Cümhuriyyətinin Böyük Britaniya ilə münasibətlərinin yaranmasından xeyli əvvəl Qafqaz, xüsusən Bakı ingilis siyasətində önəmli yer tutmuşdur. Geostrateji, geoiqtisadi səciyyəsi ilə Cənubi Qafqazın əhəmiyyəti ingilis sənədlərində ətraflı təsbit olunmuşdur.

1918-ci ilin yazından etibarən Bakıdakı vəziyyət haqqında ingilis kəşfiyyatının əhatəli məlumatları Britaniya missiyasının Qafqazda əməkdaşlıq edə biləcək siyasi qüvvələri müəyyənləşdirməyə yardım edirdi. Azərbaycan Cümhuriyyəti bəyan edildikdən sonra Bakı uğrunda türk-azərbaycanlı hissələrinin bolşeviklərlə mübarizəsi ingilis – “Sentrokaspi” qüvvələri ilə müharibə müstəvisinə keçdi.

Birinci Britaniya missiyası ilə Azərbaycan Cümhuriyyətinin əlaqələri Bakı məsələsində kəsişir. Bu zaman müttəfiq yox, əks cəbhələrdə dayanan dövlətlər olduğundan Danstervil missiyası Azərbaycan Cümhuriyyətinin siyasi tarixində, Azərbaycan–Böyük Britaniya əlaqələrində qeyri-məqbul səciyyələndirilir.

Azərbaycan Cümhuriyyəti tarixi Böyük Britaniya ilə sıx bağlıdır. Xüsusən ikinci missiya zamanı qarşılıqlı münasibətlər, bilavasitə Azərbaycan dövlətçiliyinə kömək edən, stabil fəaliyyətə imkan yaradan, qonşularla əlaqələrin tənzimlənməsinə yönəldilən tədbirlər və ən başlıcası respublikanın ərazi bütövlüyünün qorunmasında xidmətləri (Denikin təhlükəsinin dayandırılması, Qarabağ məsələsində general Tomsonun mövqeyi) Azərbaycanı Böyük Britaniya ilə birləşdirən tarixdir.

Azərbaycan Cümhuriyyətinin Paris sülh konfransında tanınmasında da Böyük Britaniyanın xüsusi rolu var. Azərbaycan hökumətinin müttəfiq missiyası ilə əməkdaşlığı sənədlərdə öz təsdiqini tapır. Azərbaycandan Batuma, Britaniya komandanlığı üçün 450 min pud mazut, 150 min pud kerosin, 75 min pud benzin göndərilməsinə icazə istənilirdi. Bütün ticarət gəmiləri sahiblərinə qaytarılsa da, onlar üzərində ingilis nəzarəti qoyulurdu.

Britaniya hökuməti üç Cənubi Qafqaz respublikası arasında istər iqtisadi, istərsə də siyasi cəhətdən ən sıx münasibətin olmasının birbaşa onların mənafeyinə xidmət etdiyini vurğulayırdı. Böyük Britaniyaya bolşevik hökumətinə qarşı dura biləcək güclü Qafqaz lazım idi. Britaniyanın Qafqazda güclü federasiya yaratmaq istəyi ilə Azərbaycan hökumətinin mövqeyi üst-üstə düşürdü.

QISA İCMAL

  • Yazarlar ƏHMƏDOVA FİRDOVSİYYƏ FİRDOVSİ QIZI
  • Fayl PDF
  • issue