İqlim dəyişikliyi və ekoloji tarazlığın pozulması hazırda mütərəqqi bəşəriyyət üçün son dərəcə narahatedici məsələlərdir. Bu qlobal problemin həlli üçün beynəlxalq səviyyədə addımlar atılır. İstixana qazı tullantılarını azaltmaq və yaşıl iqtisadiyyata keçidi stimullaşdırmaq məqsədilə 1992-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası imzalanmışdır. Bu Konvensiyanın Tərəfləri Konfransının (COP29) 29-cu sessiyası 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçirilmişdir. 12 noyabrda Liderlər Zirvəsində çıxış edən Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan yaşıl enerjiyə keçid istiqamətində əhəmiyyətli addımlar atmışdır. COP29-da ekosistemin qorunmasına yönəlmiş mühüm qərarlar qəbul edilmişdir. Tərəflər Konfransı bərpa olunan enerji mənbələrindən istifadəni təşviq edən enerji təşəbbüsləri irəli sürmüş, inkişaf etməkdə olan ölkələrdə iqlim tədbirlərini maliyyələşdirmək üçün 2035-ci ilə qədər ildə ən azı 1,3 trilyon dollar toplamağı öhdəsinə götürmüş və iqlim dəyişikliyinin təsirlərinə ən çox həssas olan ölkələrə maliyyə yardımı göstərmək üçün İtki və Zərərin Kompensasiyası Fondu yaratmışdır. Eyni zamanda, dünyanın müəyyən qüvvələri Azərbaycanın uğurlarına paxıllıq edərək ölkəyə qarşı çirkin təbliğat apardılar və COP29-u boykot etməyə çağırdılar. Lakin onların bütün cəhdləri uğursuz oldu və Tərəflər Konfransının 29-cu sessiyası öz işini uğurla başa vurdu.